2025-03-05

Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı.

 

Məlum olduğu kimi dekabr ayının 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi məcburi eniş zərurəti ilə bağlı Aktau şəhəri hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir.

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğuna qəza ilə bağlı xəbər daxil olan kimi baş konsul Ayxan Süleymanlı yerli dövlət orqanları ilə əlaqə saxlamış, özü hadisə yerinə, əməkdaşlar isə xəstəxanalara yola düşərək yaralıları siyahıya almağa başlamış və sağlamlıq vəziyyətləri ilə maraqlanmışlar.

Baş konsul daha sonra Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay ilə görüşmüş və hadisənin təfərrüatları müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Aktau şəhərinə səfər etmişdir. Aktau hava limanında nümayəndə heyətini Manqistau vilayətinin akimi, baş konsul və digər dövlət rəsmiləri qarşılamışlar. İlk olaraq nümayəndə heyəti qəza baş verən əraziyə getmiş, təyyarənin qalıqlarına yerində baxış keçirdikdən sonra xəstəxanaya yola düşmüşlər. Nümayəndə heyəti xəstəxanada yaralılara baş çəkmiş, vəziyyətləri ilə yerində tanış olmuş və hadisə ilə bağlı məlumatlar almışlar.  Həmin anda yaralılara baş çəkən QR Baş nazirinin müavini Kanat Bozumbayevlə nümayəndə heyətimizin xəstəxanada görüşü olmuşdur. Görüş zamanı baş vermiş qəza hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri barədə məlumat verilmiş, xəsarət alanlara lazımi tibbi yardımın zamanında və operativ göstərildiyi bildirilmişdir.

Səfər zamanı baş konsulluq nümayəndə heyətimizin işlərinə lazımi dəstək vermiş, baş konsul A.Süleymanov onları müşayət edərək görüşlərdə iştirak etmişdir.

Arxiv üzrə axtarış