2025-03-23

Aktau şəhərində Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

Bu il Novruz bayramı ilə əlaqədar Aktau şəhərinin dəniz kənarında şəhər akimatlığı tərəfindən təşkil edilmiş bayram tədbirinə baş konsulluq və Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni İctima Birliyi birgə qatılmışdır. Tədbirdə baş konsul Ayxan Süleymanlı, baş konsulluğun əməkdaşları, diasporumuzun fəalları, Aktau şəhərində təhsil alan tələbələr və “Jastar Wave – Aktau 2025” beynəlxalq forumunda iştirak etmək üçün Aktauda səfərdə olan nümayəndə heyətimizin üzvləri iştirak etmişlər.

Ortaq layihə çərçivəsində milli çadır qurulmuş, şəhər sakinləri ləziz milli yeməklərimizə, şəkərbura və paxlavamıza qonaq edilmişlər. Diaspora fəallarımız canlı musiqi ifa etmiş, milli paltar geyinmiş gənclərimiz qonaqlarla birgə rəqs etmişdir. Çadırımız şəhər sakinlərinin böyük marağına səbəb olmuş,  ətrafında izdiham yaşanmış, tədbir iştirakçıları əyani olaraq xalqlarımızın ortaq adət-ənənəyə malik olmasının bir daha şahidi olmuşlar.

 Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay, vilayət rəsmiləri milli çadırımızı ziyarət etmiş, baş konsul Ayxan Süleymanlı və diaspora fəalları ilə bayramlaşmışlar. Milli çadırımızı həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət etmiş, bayramlaşdıqdan sonra bizlərlə yumurta döyüşdürmüş və milli yeməklərimizə qonaq olmuşlar.

Arxiv üzrə axtarış