2025-04-10

Baş konsul Ayxan Süleymanlı ilə Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay arasında nəzakət görüşü keçirildi.

2024-cü ilin aprel ayının 9-da baş konsul Ayxan Süleymanlı ilə Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay arasında nəzakət görüşü keçirildi.

Görüşün əvvəlində N.Kilıbay A.Süleymanlıyı salamlayaraq, onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı.

A.Süleymanlı qəbula görə təşəkkür etdi, dövlətlərimizin strateji tərəfdaş və müttəfiq ölkə olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, Azərbaycanla Qazaxıstanın qərb regionları arasında mədəni, iqtisadi, humanitar, idman, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün əlindən gələni edəcək.

Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu söyləyən A.Süleymanlı vurğuladı ki, prezidentlərimiz arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Regionda gedən proseslərdə dövlət başçılarımızın koordinasiyalı siyasət yürütdüyünü, istənilən məsələdə qarşılıqlı dəstəyin olduğunu qeyd edən A.Süleymanlı əlaqəli iş birliyi içində  fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etdi.

Ölkələrimiz arasında Ali Dövlətlərarası Şuranın fəaliyyət göstərdiyini, 2024-cü ilin mart ayının 11-də Azərbaycan Respublikasının (AR) Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının (QR) Prezidenti cənab Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirildiyini qeyd edən baş konsul bildirdi ki, ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda, əsasən də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində  fəal qarşılıqlı fəaliyyət göstərir.

İqtisadi münasibətlərin vəziyyətinə gəlincə, A.Süleymanlı bildirdi ki, Azərbaycanda Ələt Azad İqtisadi Zona fəaliyyət göstərir, bu zona ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında daha sıx əlaqələrin yaradılması, o cümlədən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində  fəaliyyətin aktivləşdirilməsi hər iki tərəf üçün faydalı olar və ölkələrimizin iqtisadiyyatına böyük gəlir gətirə bilər.

2009-cu il oktyabr ayında Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Sumqayıt və Aktau şəhərlərinin qardaşlaşmış şəhər olması haqqında Bəyannamə imzalandığını diqqətə çatdıran A.Süleymanlı qeyd etdi ki, görkəmli qazax mütəfəkkiri və türkoloqu Əhməd Baydursunovun 150 illik yubileyi şərəfinə Sumqayıt şəhərinin küçələrindən birinə onun adı verilib. Aktau şəhərinin küçələrindən birinə Azərbaycan mütəfəkkirlərindən birinin adının  verilməsini xahiş etdi.

A.Süleymanlı görüşdə vurğuladı ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Bu ilin mart ayında QR-nin Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyətinin Bakıda rəsmi səfərdə olduğunu, QR-nin elm və ali təhsil naziri Sayasat Nurbek və ölkənin 22 universitetinin, o cümlədən Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərlərinin də nümayəndə heyətinin tərkibində Azərbaycanda olduqlarını diqqətə çatdırdı. Səfər çərçivəsində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin ölkəmizin aparıcı ali məktəblərinin rəhbərliyi ilə mühüm görüşlər keçirdiyini qeyd edən baş konsul bildirdi ki, hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır. Qazaxıstanda təhsil alan  tələbədən 100-ə yaxın tələbə Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində təhsil alır.

Təhsil sahəsində uğurlardan məmnunluğunu qeyd etdikdən sonra A.Süleymanlı QR Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Qazaxıstanın erməni işğalından azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa edərək azərbaycan xalqına hədiyyə etməsinə və  Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə təşəkkür etdi.

Qardaş qazax xalqının regionda yaşayan digər azsaylı xalqların nümayəndələrinə, o cümlədən soydaşlarımıza qarşı mehriban münasibətini yüksək dəyərləndirdiyini qeyd edən baş konsul Manqistau vilayətində müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşları üçün yaradılan şəraitə görə, o cümlədən  Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı göstərilən operativ köməyə görə ölkə rəhbərliyinə və akimə minnətdarlığını bildirdi və qeyd etdi ki, azərbaycan xalqı qardaş qazax xalqının bu həssaslığını heç vaxt unutmayacaq.

A.Süleymanlı həmçinin akimi 2025-ci il Aktau şəhəri Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə təbrik etdi. Aprel ayının 5-də açılış mərasimində türk dünyasından gələn qonaqlara, o cümlədən Azərbaycan nümayəndələrinə göstərilən diqqət və qonaqpərvərliyə görə minnətdarlığımı bildirdi, açılış mərasiminin möhtəşəm təşkil edildiyini diqqətə çatdırdı və bu münasibətlə akimi və komandasını təbrik etdi.

Manqistau vilayət akimi N.Kilıbay öz növbəsində qeyd etdi ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır və ölkələrimiz isə iki müstəqil dövlət olaraq artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.

N.Kilibay həmçinin qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirdi,  hava limanından şəhərə gələn yolun üstündə fəaliyyətə başlayan ticarət mərkəzində ölkəmizdə istehsal edilən malların satışının təşkil olunması üçün azərbaycanlı iş adamlara yer ayırmağa hazır olduqlarını qeyd etdi və iş adamlarını Aktauya səfərə dəvət etdi. 

Aktau şəhəri yaxınlığında təyyarəmizin qəzaya uğraması zamanı göstərilən köməkliyin qardaş qazax xalqının borcu olduğunu qeyd etdi.

Görüşün sonunda A.Süleymanlı konsulluq patentini akim N.Kilıbaya  təqdim etdi, səmimi və isti qəbula görə təşəkkürünü bildirdi. Sonra qarşılıqlı hədiyyələr təqdim olundu və xatirə şəkili çəkdirildi.

Arxiv üzrə axtarış