2025-04-11

Azərbaycanın Aktaudakı baş konsulu Manqistau vilayəti Daxili İşlər Departamentinin rəisi ilə görüşüb.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı ilə Manqistau vilayəti Daxili İşlər Departamentinin rəisi  Saqindik Ayaqanov arasında görüş keçirildi.

Görüşün əvvəlində Polis Departamentinin rəisi A.Süleymanlıyı salamlayaraq onu Azərbaycan Respublikasının Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı.

A.Süleymanlı qəbula görə təşəkkür etdi, dövlətlərimizin strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu, xalqlarımız arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu diqqətə çatdırdı və əlaqəli iş birliyi içində  fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etdi.

Baş konsul son illərdə hər iki dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq bütün sahələrdə dinamik inkişaf müşahidə olunduğunu, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdiyini söylədi.

A.Süleymanlı ikitərəfli münasibətlər, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylər, qabaqcıl təcrübə və operativ məlumat mübadiləsi, eləcə də yaradılmış normativ-hüquqi baza ilk növbədə xalqlarımızın və dövlətlərimizin maraqlarına, regionda təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildirdi.

Baş konsul Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı göstərilən operativ köməyə görə ölkə rəhbərliyinə və Polis Departamentinin rəisinə minnətdarlığını bildirdi və qeyd etdi ki, azərbaycan xalqı qardaş qazax xalqının bu həssaslığını heç vaxt unutmayacaq.

Manqistau vilayəti Daxili İşlər Departamentinin rəisi  S.Ayaqanov öz növbəsində qeyd etdi ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır və ölkələrimiz isə iki müstəqil dövlət olaraq həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.

Arxiv üzrə axtarış