2025-05-12

Aktau şəhərində ”Konstitusiya və Suverenlik ili” ilə bağlı konfrans keçirilmişdir.

2025-ci ilin ”Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən  Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin, baş konsulluğun, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, baş konsulluğun, yerli diaspora təşkilatlarının maliyyə dəstəyi ilə  may ayının 2-də Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” adlı konfrans, may ayının 3-də isə Dostluq Evinin konsert zalında bayram konserti təşkil edilmişdir.

Konfransdan öncə universitetlə tanışlıq, sonra isə rektor B.Axmetovla baş konsul A.Süleymanlının görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Keçirilmiş konfransda Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru, müəllim və tələbələri, baş konsulluğun əməkdaşları, Türkiyənin, Özbəkistanın, Türkmənistanın, İranın Aktaudakı baş konsulları, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

“Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov konfransı açdıqdan sonra baş konsul Ayxan Süleymanlının, universitetin rektoru Berik Axmetovun, universitetin professorları Eldar Cəfərovun, Akmaral Medixanovanın, kafedra müdiri Bağdad Aueşovanın, o cümlədən konfransa Azərbaycandan canlı qoşulan Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdir Elvin Talışinskinin və Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Şəbnəm Zeynalovanın çıxışları olmuşdur.

Baş konsul Ayxan Süleymanlı öz çıxışında AR Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə ”Konstitusiya və Suverenlik ili” elan edilməsini, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildiyini və 12 noyabr tarixinin Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Dövlət Suverenliyi Günü barədə məlumat verən baş konsul bildirmişdir ki,  Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilmiş, Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər haqqında söz açan baş konsul diqqətə çatdırmışdır ki,  ölkələrimizin prezidentləri arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli dostluq əlaqələri, xalqlarımız arasında tarixi, mədəni, dini və dil bağlılıqlarına əsaslanan qədim bir keçmiş, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcuddur.

Çıxışının sonunda A.Süleymanlı keçirilən konfransın ədalətli dünya nizamının qurulması kontekstində mədəniyyətlərarası dialoqun, müasir konstitusionalizmin və suverenliyin əhəmiyyətinin dərk olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmiş və bütün iştirakçılara səmərəli iş, maraqlı müzakirələr və yeni nailiyyətlər arzulamışdır.

Konfransda çıxış edən digər iştirakçılar Konstitusiya hər bir dövlətin hüquqi əsasını təşkil edən, onun idarəçilik sistemini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının qarşılıqlı münasibətlərini müəyyən edən ali normativ sənəd olduğunu qeyd etmişlər və Konstitusiyanın hakimiyyət bölgüsünün və demokratik idarəçiliyin əsasını təşkil etdiyini, ölkənin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını qoruduğunu, və dövlətçiliyin təməli olduğunu vurğulamışlar.

Arxiv üzrə axtarış