Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar baş konsulluq və Atırau şəhərində yerləşən Xəlil Dosmuhammedov adına universitet tərəfindən birgə anım tədbiri keçirilmişdir.
May ayının 6-da azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar baş konsulluq və Atırau şəhərində yerləşən Xəlil Dosmuhammedov adına universitet tərəfindən birgə anım tədbiri keçirilmişdir.
Tədbirdən öncə universitetlə, o cümlədən baş konsulluq tərəfindən yaradılmış Azərbaycan tədris otağı ilə tanışlıq olmuş, sonra isə universitetin rektoru Salamat İdrisovla baş konsul Ayxan Süleymanlının görüşü keçirilmişdir.
Universitetin professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə keçirilən tədbirdə universitetin rektoru Salamat İdrisov, baş konsul Ayxan Süleymanlı və “Novruz” etno-mədəni təşkilatının sədri Eldar Əhmədov çıxış etdilər.
A.Süleymanlı çıxışında tədbir iştirakçılarına Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verdi, iki ölkə arasında dostluq əlaqələrinin və akademik tərəfdaşlığın əhəmiyyətini vurğuladı.
Universitetin rektoru S.İdrisov çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təsis edilmiş təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun simvollarından birinə çevrildiyini vurğuladı və artıq 10 ildən çoxdur ki, bu təqaüd ənənəvi olaraq Atyrau Universitetinin əlaçı və ictimai fəal tələbələrinə təqdim edildiyini bildirdi. Qeyd etdi ki, bu günə qədər bu mükafata 60-dan çox tələbə layiq görülüb və baş konsulluğun bu təşəbbüsü iki qardaş ölkə arasında təhsil və mədəniyyət sahəsindəki dostluğun və əlaqələrin bariz nümunəsidir.
Çıxışlar zamanı böyük ekranda ulu öndərin həyat və fəaliyyətinə dair baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirildi.
Çıxışlardan sonra Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin ulu öndərlə bağlı xatirələrini özündə əks etdirən, Heydər Əliyevin Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafındakı xidmətlərindən bəhs edən Qazaxıstan televiziyasının çəkdiyi “Xoşbəxt həyat” sənədli filmi nümayiş etdirildi.
Tədbirin sonunda baş konsul A.Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığa və akademik nailiyyətlərinə görə universitet tərəfindən seçilmiş 5 tələbəyə - Humanitar elmlər və incəsənət fakültəsinin tələbəsi Mukaşeva Dianaya, Təbiət elmləri fakültəsinin tələbəsi Kazaliyev Arsenə, İqtisadiyyat və hüquq fakültəsinin tələbəsi Sabidullina Aizadaya, Dillər fakültəsinin tələbəsi Aybusınova Aygerimə, İnnovativ təhsil fakültəsinin tələbəsi Daniyar Tomirisə ümummilli lideri Heydər Əliyevin adını daşıyan təqaüd və təşəkkürnamə təqdim etdi.
Bu ilin təqaüdçüləri adından çıxış edən A.Aybusınova baş konsulluğa və universitet kollektivinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.
Tədbirdə həmçinin Atyrau Universiteti adından A. Süleymanlıya təşəkkür məktubu təqdim edildi və “Novruz” İctimai Birliyinin sədri E.Əhmədova isə X. Dosmuxamedov adına Atyrau Universitetinin Elmi Şurasının qərarı ilə Fəxri professor adı verildi.