Aktau şəhərində beynəlxalq forum keçirilmişdir.
May ayının 15-də Qazaxıstan Xalq Assambleyasının 30 illik yubileyi və Türk Mədəniyyəti Təşkilatı tərəfindən Aktau şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Analar Şurası “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forum keçirmişdir.
Forumda Manqistau vilayət akiminin müavini, QR Prezidentinin yanında Qadınlar və Ailə-Demoqrafiya Siyasəti üzrə Milli Komissiyanın üzvü, Respublika Analar Şurasının sədri, ölkənin müxtəlif bölgələrindən gələn Analar Şurasının üzvləri, eləcə də Türkiyə, Qırğızıstan və Özbəkistandan gələn nümayəndələr iştirak etmişlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası (AR) Milli Məclisin (MM) deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri xanım Hicran Hüseynova və baş konsul Ayxan Süleymanlı təmsil etmişlər.
MM deputatı xanım H.Hüseynova öz çıxışında tarixən türk dünyasında qadının yalnız ana kimi deyil, həm də xalqın tərbiyəçisi, əxlaqi və mənəvi dəyərlərin qoruyucusu, ictimai və siyasi həyatın fəal iştirakçısı kimi açar rol oynadığını qeyd etdi və iştirakçıların diqqətinə azərbaycanlı qadınların şərqdə ilk dəfə 1918-ci ildə səsvermə hüququ əldə etdiyini, 124 il əvvəl Bakıda müsəlman dünyasında ilk dünyəvi qız məktəbi açıldığını çatdırdı və bu gün Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, müstəqil Azərbaycanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğuladı.
Xalqımızın təxminən 30 il davam edən erməni işğalı nəticəsində ağır itkilərə, çoxu zorakılıq və işgəncələrə məruz qaldığı, o cümlədən hadisələr zamanı məcburi köçkün və itkin düşmüş, əsir götürülmüş qadın və uşaqlar barədə ətraflı məlumat verən MM komitə sədri qeyd etdi ki, bütün bu əzablara baxmayaraq, qadınlarımız böyük mənəvi güc nümayiş etdirərək müstəqil Azərbaycanın inkişafı prosesinə fəal şəkildə qoşulublar.
H.Hüseynova ailə, qadınlar və uşaqlar Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu, bu sahə üzrə ölkəmizin Qoşulmama Hərəkatı, BMT, TÜRKPA və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini söylədi və bu forumun keçirilməsi ilə bağlı təşəbbüsün əhəmiyyətini vurğuladı, qardaşlıq və dostluq münasibətlərinin ölkələrimiz arasında, o cümlədən türk dünyasında qadın həmrəyliyi üçün möhkəm bir təməl yaratdığını qeyd etdi.
Forum çərçivəsində iştirakçılar gender bərabərliyi, analar şuralarının fəaliyyəti, qadın təhsili, ana və uşaq hüquqlarının müdafiəsi, ailə tərbiyəsinin əhəmiyyəti, qadınların sosial dəstəyə ehtiyacı olan qruplarla işi, gənclərin mənəvi-əxlaqi dəyərlər əsasında tərbiyə olunması kimi məsələləri müzakirə etmişlər. Tədbirdə həmçinin müasir cəmiyyətin aktual problemi olan qumar və narkotik asılılığı mövzusu da gündəmə gətirilmiş və bu xəstəliklərlə mübarizə, pis vərdişlərin qarşısının alınması üçün səmərəli yollar təklif olunmuşdur.
Tədbirin sonunda Analar Şurasının fəal üzvləri və nümunəvi analar təltif olunmuş, sonra isə akim müavini T. Abişev xarici ölkələrdən gələn nümayəndə heyətlərini qəbul etmişdir.
AR MM deputatı xanım Hicran Hüseynova səfəri çərçivəsində həmçinin baş konsulluğumuzu ziyarət etmiş, səmimi mühitdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.