Baş konsul Ayxan Süleymanlının 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriki.
Hörmətli həmvətənlər!
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu adından və şəxsən öz adımdan Sizi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1918-ci il may ayının 28-i Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biridir. Məhz həmin gün müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyəti təsis olunmuşdur. Son dərəcə çətin tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın əsrlər boyu azadlıq, ədalət və milli müstəqillik arzularının təcəssümünə çevrildi.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimizin möhkəm təməlini qoydu: milli ordu yaradıldı, ilk qanunlar qəbul olundu, təhsil və mədəniyyət institutları təsis edildi, ilk müstəqil pul emissiyası tədavülə buraxıldı, cinsindən, dinindən və milliyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan qadınlara seçki hüququ verən dünyanın ilk ölkələrindən biri oldu.
Azərbaycan 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi və o vaxtdan etibarən 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü kimi rəsmi şəkildə qeyd olunur.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, onun möhkəmləndirilməsi və demokratik prinsiplərin təsis olunması ümummilli lider Heydər Əliyevin siyasətinin əsas istiqamətini təşkil edirdi. Çünki məhz bu prinsiplər hər bir dövlətin mövcudluğunun təməlini təşkil edir. Bu gün həmin ali dəyərlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, Azərbaycanın beynəlxalq nüfuzu artır və qüdrətli dövlətimizin parlaq gələcəyi naminə yeni üfüqlər açılır.
28 May günü - müstəqil dövlətdə yaşamaq şərəfini bizə bəxş edən əcdadlarımıza olan qürur, xatirə və ehtiram günüdür. Qoy bu bayram Azərbaycanımızın rifahı naminə yeni uğurlara ilham versin!
Bütün həmvətənlilərimizə möhkəm cansağlığı, sülh, firavanlıq və işlərində uğurlar arzulayıram!
Hörmətlə, Ayxan Süleymanlı
baş konsul