2025-05-29

Aktau şəhərində 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir.

Cari ilin may ayının 26-da baş konsulluq tərəfindən Aktau şəhərinin “Holiday İnn Aktau” mehmanxanasının ziyafət salonunda 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir.

Ziyafətdə Manqistau Vilayət Maslixatının sədri, vilayət Xalq Assambleyasının sədri, vilayətin Xalq Nəzarəti Şurasının sədri, Türkiyə Respublikasının, İran İslam Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistan Respublikasının Aktaudakı baş konsulları və konsulluğun əməkdaşları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professorları, Aktau şəhərində səfərdə olan “Caspian Energy Club” beynəlxalq platformasının nümayəndələri,  Manqistau, Atırau, Uralsk, Aktöbe vilayətlərindən Azərbaycan diasporunun üzvləri, Aktaudakı digər icmaların diasporunun nümayəndələri,  yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri (170-dən çox qonaq) iştirak etmişlər.

Baş konsulluq tərəfindən keçirilən rəsmi qəbul mərasimində Qazaxıstan tərəfindən əsas qonaq qismində Manqistau vilayət akiminin (başçısının) müavini Abbat Urisbaev iştirak etmişdir.

Baş konsul Ayxan Süleymanlı çıxış edərək müsəlman şərqində ilk demokratik, dünyəvi respublikanın 107 il əvvəl Azərbaycanda yarandığını diqqətə çatdıraraq Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddət ərzində böyük inkişaf yolu keçdiyini, habelə ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında güclü iqtisadiyyatı olan, özünü təmin edən müasir dövlətə çevrildiyini, eləcə də dünyada nüfuzunun artdığını bildirən baş konsul, hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atdığını, o cümlədən ölkəmizin Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynadığını və mühüm logistik mərkəzə çevrildiyini xüsusi vurğulamışdı.

Baş konsul Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyini, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən 23 saatlıq antiterror əməliyyatları nəticəsində isə suverenliyimiz tam təmin olunduğunu iştirakçıların diqqətinə çatdırmış, həmçinin postmüharibə dövründəki vəziyyət haqqında da məlumat vermişdir.

Bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 388-dən çox azərbaycanlı minaya düşmüş, onlardan 70 nəfəri həlak olmuş, 318 nəfəri isə xəsarət almışdır.

Bununla yanaşı ölkəmizin xarici siyasətindən söhbət açan A.Süleymanlı diplomatik münasibətlərimizin qurulma tarixindən danışmış, dövlət və hökumət başçılarının səfərlərini xatırlamış və görüşlər zamanı əldə olunan razılaşmalardan sonra ölkələrimiz arasında mövcud münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini qeyd etmişdir. Bildirmişdir ki, 2024-cü ilin mart ayında Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev ölkəmizə etdiyi dövlət səfəri çərçivəsində  prezidentlərin iştirakı ilə erməni işğalından azad edilmiş Füzuli şəhərində Qazaxıstan dövlətinin vəsaiti ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olmuşdur. Azad olunmuş torpaqlarda Qazaxıstan prezidentinin təşəbbüsü ilə inşa edilmiş Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan xalqı üçün böyük hədiyyə olduğunu xüsusi olaraq qeyd etmiş və  Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan prezidentinə və xalqına dərin təşəkkürünü bildirmişdir.

A.Süleymanlı həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən iqtisadi, humanitar, təhsil və digər sahələrdə uğurla inkişaf edən əməkdaşlıqdan söz açmışdır.

Manqistau vilayət akiminin müavini Abbat Urisbaev öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən A.Urisbaev ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirmiş, hazırda Azərbaycan ilə Qazaxıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini söyləmişdir. Bundan əlavə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərdən danışan akimin müavini hazırda əməkdaşlığımızın bütün istiqamətlər üzrə sürətlə inkişafının, qarşılıqlı səfərlərin həyata keçirildiyinin, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstəyin mövcud strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu söyləmişdir.

Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı görüntüləri özündə əks etdirən filmlər nümayiş etdirilmiş, kitab sərgisi və Aktauda yaşayan azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilmişdir.

Arxiv üzrə axtarış