2016-05-23

28 May - Respublika Günü Aktauda qeyd edilib (Video)


Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu 28 May - Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib. Mərasimdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktaudakı baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, vilayətdə fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, diaspor üzvləri, digər xalqların milli mədəni cəmiyyətlərinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təqdimatı olub, bununla bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, dövlət müstəqilliyimizin tarixindən danışıb.

Sonra ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən, qazanılan uğurlardan bəhs edib. Diplomat, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məlumat verib. Səfir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində atılan addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında da fikirlərini bölüşüb.

Rəsmi qəbulda Manqistau vilayət akimi (qubernatoru) Alik Aydarbayev çıxış edərək Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Vurğulayıb ki, Aktauda azərbaycanlılar digər xalqlar kimi, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bakıda dəfələrlə olduğunu qeyd edən qubernator deyib ki, Manqistau ilə Azərbaycan arasında iqtisadi əlaqələr bundan sonra da genişləndiriləcək, vilayətdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün davamlı addımlar atılacaq. Bütün bunlar Aktauda yaşayan azərbaycanlı iş adamlarının fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. Alik Aydarbayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət başçılarının göstərdiyi səyləri, atılan addımları bir daha diqqətə çatdırıb.

Tədbir çərçivəsində qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub, Azərbaycan xalq rəqsləri nümayiş etdirilib.

Baş konsulluq tərəfindən Azərbaycandan dəvət olunan Xalq Artisti Cavan Zeynallının ifasında caz musiqisi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

...

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Arxiv üzrə axtarış