2016-10-21

Qazaxıstanın Aktau şəhərində dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

Aktau, 22 oktyabr, AZƏRTAC 

Qazaxıstanın Aktau şəhərində dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın turizm potensialı ilə bağlı rəsmi qəbul keçirilib.

Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən keçirilmiş tədbirdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistauda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, diasporumuzun, digər xalqların milli-mədəni cəmiyyətlərinin üzvləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbirdə Bakının görməli məkanlarının fotolarından ibarət stend və Azərbaycanın turizminə aid kitab və jurnalların sərgisi təşkil olunub.

Əvvəlcə Azərbaycanın turizm potensialı, ölkəmizin təbiəti, tarixi yerləri və adət-ənənələrinə dair videoçarxlar nümayiş etdirilib.

Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin bərpası tarixindən danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində respublikamızın qazandığı nailiyyətlərdən danışıb.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verib. Azərbaycanın turizm potensialı haqqında danışan diplomat son illərdə hökumət tərəfindən bu sahənin inkişafı üçün atılan addımlardan söhbət açıb.

Manqistau vilayət akiminin müavini Raximbek Amirjanov çıxış edərək Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, bu gün bu əlaqələrin hər iki ölkənin prezidentləri tərəfindən uğurla davam etdirildiyinı söyləyib. O, ölkəmizin qədim tarixə malik olduğunu qeyd edərək, Manqistau vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələr, vilayətdə Azərbaycan şirkətlərinin fəaliyyəti barədə məlumat verib.

Daha sonra baş konsulluğun təşəbbüsü və dəstəyi ilə yaradılmış və bilavasitə Qazaxıstandan Azərbaycana turistlərin cəlb edilməsi ilə məşğul olan turizm şirkəti tərəfindən Azərbaycanın turizm bölgələrinin və turizm məkanlarının təqdimatları keçirilib. Təqdimatlarda Bakı, Naxçıvan, Qəbələ və digər bölgələrimizin turizm potensialı, İçərişəhər, “Şahdağ” və “Tufandağ” turizm kompleksləri, Naftalan və Duzdağ müalicəvi məkanları haqqında geniş məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində, həmçinin müğənnilər Rəfael Ağayev və Bourjan Sappayevin ifalarında mahnılar səsləndirilib, Aktau şəhərinin Dövlət İncəsənət Məktəbinin rəqs qrupunun ifaları qonaqlara təqdim olunub.

Tədbir iştirakçıları Azərbaycanın milli mətbəxindən plov, dolma, kabab, müxtəlif şirniyyatlar və salatlara qonaq ediliblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

 

    


 

 


Arxiv üzrə axtarış